REGİONLAR


Türk iş adamları yerli kiçik və orta biznes subyektləri ilə əməkdaşlıqda maraqlıdır

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerli və xarici investorların ölkə regionlarına sərmayə qoyuluşunun təşviqinə, yerli kiçik və orta biznes subyektləri ilə investorlar arasında əməkdaşlığın genişləndirilməsinə dəstək göstərir.

KOBİA-nın, Gəncə Şəhər İcra Hakimiyyətinin və Türkiyənin Gəncədəki baş konsulluğunun təşkilatçılığı ilə türk iş adamlarının Gəncə-Qazax iqtisadi rayonuna investisiya qoyuluşunu təşviq etmək və yerli sahibkarlarla əlaqələrin genişləndirilməsi məqsədilə tədbir keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, "Türk iş adamlarının Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafı ilə tanışlığı" mövzusunda təşkil olunmuş tədbirdə dövlət qurumlarının nümayəndələri, ölkəmizdə fəaliyyət göstərən türk iş adamları və yerli sahibkarlar iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Səməd Tomuyev şəhərin sosial-iqtisadi potensialı, şəhərə investisiya qoyuluşu imkanları, KOBİA-nın Gəncə üzrə nümayəndəsi ("KOB Dostu") Anar Əliyev türk iş adamları ilə yerli KOB subyektləri arasında əməkdaşlığın qurulması istiqamətləri, agentliyin fəaliyyəti və dəstək mexanizmləri, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk isə ölkələrimiz arasında əməkdaşlıq barədə məlumat veriblər.

Türk iş adamları regiona investisiya qoyuluşunun genişləndirilməsində və yerli KOB-larla əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıblar.

Tədbir çərçivəsində Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Miqrasiya Xidmətinin nümayəndələri ölkəmizdə sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində müvafiq sahələrdə həyata keçirilən islahatlar barədə türk iş adamlarını məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Türk iş adamları Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafı ilə də tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.