SİYASƏT
Türkiyə-Azərbaycan dostluğu zamanın sınağından çıxıb və illərin təcrübəsinə söykənir
Bakı, 7 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
Dövlətlərarası münasibətlər təkcə maraq və mənfəət üzərində qurulmur. Bu məsələdə digər vacib məqamlar da mühüm rol oynayır. Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərdə əsas məqam xalqlarımızın dil, soykökü, adət-ənənə baxımından bir-birinə yaxın olmasıdır. Xalqlarımızı qanı, canı bir olmaq, ortaq dəyərlər bir-birinə qırılmaz və sıx tellərlə bağlayır. Ulu öndər Heydər Əliyevin müdrik kəlamında deyildiyi kimi, “biz bir millət, iki dövlətik”.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva deyib.
K.Əliyeva bildirib ki, Türkiyə-Azərbaycan dostluğu zamanın sınağından çıxıb və illərin təcrübəsinə söykənir. Harada Azərbaycan varsa, Türkiyə ordadır və yaxud əksinə. Azərbaycanın uğuru Türkiyənin, Türkiyənin uğuru isə bizim uğurumuz olub. Bir yerdə kədərlənib, bir yerdə sevinmişik, acımızı da, xoş günümüzü də bir-birimizlə paylaşmışıq. “Azərbaycan illərdir qardaş ölkənin milli təhlükəsizliyi üçün ciddi təhdid yaradan qanlı terrorla mübarizədə Türkiyənin yanında yer alıb, onu birmənalı şəkildə dəstəkləyib. Qardaş Türkiyə isə 30 ildən çoxdur davam edən, hələ də ədalətli həllini tapmayan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana daim dəstək verib, hər zaman onu müdafiə edib. Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra elə bir məsələ olmayıb ki, ölkələrimiz orada birlik, həmrəylik nümayiş etdirməsinlər. Bütün məsələlərdə, bütün platformalarda Azərbaycan və Türkiyə bir-birinin yanında, bir-birinə arxa-dayaq olublar. Elə götürək, son Tovuz hadisələrini. İşğalçı və təcavüzkar Ermənistanın növbəti açıq təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gərginlik yaşandı. Azərbaycana yenə də ilk və birmənalı dəstəyini ifadə edən qardaş Türkiyə oldu”, - deyə deputat qeyd edib.
Türkiyənin birmənalı şəkildə Azərbaycanın yanında olduğunu, Qarabağ məsələsində onu dəstəklədiyini və münaqişənin ədalətli həlli üçün istənilən dəstəyi verəcəyini bəyan etdiyini deyən Kamilə Əliyeva vurğulayıb: “Tovuz hadisələrindən neçə gün sonra Azərbaycanda növbəti birgə hərbi təlimlər uğurla keçirildi. Bütün dünya, o cümlədən düşmənlər bir daha gördülər ki, Azərbaycan və Türkiyə ətlə dırnaq kimidir, onları bir-birindən ayırmaq mümkün deyil. Eyni zamanda, elə bu günlərdə Azərbaycan tərəfindən Türkiyəyə böyük dəstək ifadə olundu. Yunanıstanın ölkəmizdəki yeni səfirini qəbul edən dövlətimizin başçısı Şərqi Aralıq dənizində Yunanıstanla Türkiyə arasında yaşanan gərginliyə toxunaraq, qardaş ölkəyə birmənalı dəstəyini ifadə etdi. “Toxunmaq istədiyim sonuncu məsələ Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdir. Sizə deyə bilərəm və bu sirr deyil ki, Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir”, - deyən Azərbaycan Prezidenti qətiyyətli şəkildə bildirdi ki, biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik. Çünki biz eyni dəstəyi türk qardaşlarımızdan da görürük. Onlar Azərbaycanı bütün məsələlərdə dəstəkləyirlər və biz onları bütün məsələlərdə dəstəkləyirik, o cümlədən Şərqi Aralıq dənizində kəşfiyyat məsələsi ilə bağlı.
Kamilə Əliyevanın sözlərinə görə, Azərbaycan Prezidenti bu açıqlaması ilə bir daha həm özünün, həm də bütövlükdə Azərbaycan cəmiyyətinin qardaş və dost Türkiyə ilə bağlı mövqeyini tam və açıq şəkildə dünyaya nümayiş etdirdi. Bununla hər kəs bir daha anladı ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı maraqlar üzərində qurulmayıb, quru sözlərdən ibarət deyil.
“Bu günədək Azərbaycan və Türkiyə qoşa qanad kimi, birlikdə addımlayıb, birgə bir çox möhtəşəm qələbələrə və uğurlara imza atıblar. Bundan sonra da birlikdə addımlayaraq, növbəti parlaq qələbələrə, zəfərlərə imza atacaqlar. Yaşasın, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!”, - deyə deputat fikirlərini yekunlaşdırıb.