İDMAN
Türkiyə Superliqası: “Başakşəhər”in 11 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də futbol üzrə Türkiyə Superliqasının XIV turunun ilk oyununda çempionatın vahid lideri “Başakşəhər”in 11 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyulub.
AZƏRTAC xəbər verir ki, çempionatın ən az qol buraxan komandası olan “Başakşəhər” öz meydanında “Sivasspor”a minimal hesabla uduzaraq vacib xallar itirib. Oyunda yeganə qolu matçın 35-ci dəqiqəsində Muhammet Demir vurub.
Bu matçdan sonra “Sivasspor” xallarının sayını 18-ə çatdıraraq 12-ci sıraya yüksəlib. Bu məğlubiyyət “Başakşəhər” komandasının vahid liderliyinə təsir etməyəcək. Çünki aktivində 30 xal olan komanda ən yaxın izləyicisi “Kasımpaşa”dan 5 xal irəlidədir.
Bu tur çempionluq uğrunda yarışan komandalardan “Beşiktaş” və “Qalatasaray” dekabrın 2-də İstanbul derbisində qarşılaşacaqlar. Bir gün sonra isə ikinci sıradakı “Kasımpaşa” komandası autsayderlər sırasında qərarlaşmış “Fənərbağça” ilə səfər oyununda görüşəcək.
Hazırda turnir cədvəlində ikinci sırada olan “Kasımpaşa”nın 25 xalı var. “Qalatasaray” 24 xalla üçüncü pillədədir. Bu gün “Göztəpə”yə 1:0 hesabı ilə qalib gələrək xallarının sayını 23-ə çatdıran “Antalyaspor” dördüncü, aktivində 21 xal olan “Beşiktaş” və “Yeni Malatyaspor” isə beşinci və altıncı yerlərdə qərarlaşıblar.