DÜNYA
Türkiyə XİN-in yeni rəhbəri: Ölkənin xarici siyasətinin prioritetləri dəyişməz olaraq qalacaq

Bakı, 5 iyun, AZƏRTAC
Türkiyə milli maraqlara əsaslanan və istənilən formada təsirdən müstəqil olmağa hədəflənən xarici siyasət konsepsiyasına sadiq qalmaqda davam edəcək.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan bazar ertəsi Ankarada keçirilmiş Xarici İşlər Nazirliyi rəhbərinin səlahiyyətlərinin təhvil-təslim mərasimində bildirib.
“XİN rəhbəri postunda Türkiyənin maraqlarının müdafiəsi və təşviqi, ölkənin bütövlüyü, təhlükəsizliyi və rifahı naminə əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə nazir əmin edib.
O, Cümhuriyyətin yüzilliyi və türk diplomatik xidmətinin 500-cü ildönümündə Xarici İşlər Nazirliyinin rəhbəri postuna təyin edilməsi ilə əlaqədar məmnun olduğunu bildirib.
H.Fidan Türkiyə XİN rəhbəri vəzifəsində göstərdiyi “çoxillik sanballı və gərgin fəaliyyətinə” görə Mövlud Çavuşoğluna minnətdarlığını bildirib.