DÜNYA
Türkiyə bu həftə Aralıq dənizində qazma işlərinə başlayacaq
Bakı, 29 oktyabr, AZƏRTAC
Türkiyə “Fatih” gəmisi ilə bu həftə Aralıq dənizində qazma işlərinə başlayacaq.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, “Alanya-1” adlı kəşfiyyat quyusunu qazacaq gəmidə 200-dən çox yerli və xarici mütəxəssis çalışacaq.
Qeyd edək ki, “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti ABŞ-ın “Schlumberger” şirkəti ilə Aralıq dənizində qazma işləri üçün 15 milyon dollarlıq müqavilə imzalayıb.
“Fatih” adlı kəşfiyyat-axtarış qazma gəmisi ilə Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işlərinə Antalya sahilində başlayacaq. Dənizin dayazsulu hissəsində qazma işləri isə Mersin sahilində aparılacaq. Antalya sahilində qazma işlərinin aparılacağı sahədə dərinlik təxminən 2000-2500 metrdir. Torpaq qatından 5-6 min metr dərinlikdə qazma işləri aparılacaq.
Türkiyənin istehsal etdiyi “Fatih” qazma gəmisi bu ilin mayında istifadəyə verilib. Uzunluğu 229 metr olan gəmi suyun 12 min 200 metr dərinliyə qədər hissəsində qazma əməliyyatları aparmaq imkanına malikdir.