DÜNYA
Türkiyə çexiyalı terrorçuları həbsxanaya göndərib
Praqa, 2 avqust, AZƏRTAC
Türkiyə məhkəməsi Çexiyanın iki vətəndaşını – Marketa Vşelixovanı və Miroslav Farkası terrorçu qruplaşma ilə əməkdaşlığa görə 6 il üç ay müddətinə həbs cəzasına məhkum edib. Onların vəkili dərhal apellyasiya şikayəti verəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, məhkumlar onlara qarşı irəli sürülən ittihamları qətiyyətlə təkzib edirlər. M.Vşelixova və M.Farkas 2016-cı ilin noyabrında tutulublar. Əvvəlcə onlara 15 illik cəza tələb edən prokuror Çexiya vətəndaşlarını qadağan edilmiş Kürd İşçi Partiyasının cinahı olan YPG kürd terrorçu təşkilatının dəstələri ilə əməkdaşlıqda ittiham edib. Bu təşkilat həm Türkiyədə, həm də Avropa İttifaqında terrorçu təşkilat sayılır. Sübut kimi Velixova və Farkasın silahla birlikdə şəkilləri təqdim edilib. Üstəlik, hər iki məhkum sosial şəbəkələrdə kürd adları olan Serxwebun Botan və Zelane Botan təxəllüsləri ilə çıxış ediblər. Çexiya vətəndaşları iddia edirlər ki, onlar Suriyanın şimalında kürdlərə yalnız “humanitar xarakterli” yardım göstəriblər və guya döyüşlərdə iştirak etməyiblər. Ancaq faktlar bu sözlərin əksini göstərir.
Bu informasiyanı Çexiya televiziyası açıqlayıb.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa