DÜNYA
Türkiyə ərazisində davam edən əlverişsiz hava şəraiti bir çox fəsadlar yaradıb
İstanbul, 12 fevral, AZƏRTAC
Türkiyənin Egey bölgəsində qəflətən dəyişən hava şəraiti səbəbindən çox sayda ev, iş yeri və avtomobillərə ciddi zərər dəyib.
AZƏRTAC xəbər verir ki, fevralın 11-i axşam saatlarından etibarən Türkiyənin müxtəlif vilayətlərində güclü külək əsib, leysan yağışı yağıb və tornado meydana gəlib.
Ölkənin İzmir vilayətinin Çeşme rayonunda baş verən tornado nəticəsində inşaat kranı aşıb. Hadisə zamanı 16 nəfər müxtəlif bədən xəsarətləri alıb. Tornado bir çox evin dam örtüyünü uçurub, ağacları yerindən qoparıb. Baş verən təbiət hadisəsi zamanı limanda dayanan qayıqlar və bölgədə yerləşən avtomobillər aşıb. Uçan dam örtüklərinin altında qalan çox sayda heyvan tələf olub.
Mütəxəssislər tornadodan sonraki görüntünü bomba partlayışı ilə müqayisə ediblər.
Əlverişsiz hava şəraiti Balıkesir vilayətində də müşahidə edilib. Təbiət hadisəsi zamanı şəhərdə bir neçə evin dam örtüyü uçub, ağaclar kökündən çıxıb. Uçan dam örtükləri avtomobillərin üstünə düşüb. Bəzi avtomobillərə ciddi ziyan dəyib.
Qeyd edək ki, hidrometeoroloqlar bu həftəsonu ölkə ərazisində havanın kəskin dəyişəcəyi, bəzi bölgələrdə temperaturun 20 dərəcəyədək enəcəyi, qar yağacağı ilə bağlı xəbərdarlıq ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul