DÜNYA
Türkiyə ərazisində genişmiqyaslı COVID-19 yoxlamaları keçiriləcək
İstanbul, 30 sentyabr, AZƏRTAC
Oktyabrın 1-də Türkiyə ərazisində genişmiqyaslı COVID-19 yoxlamaları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, yoxlamalarla bağlı xəbərdarlıq artıq Türkiyənin 81 vilayətinin aidiyyəti qurumlarına göndərilib. Yoxlamalarda ölkənin bütün aidiyyəti qurumlarının rəhbər şəxsləri, o cümlədən bələdiyyə sədrləri, məhəllə muxtarları, kaymakamları, polis təşkilatlarının və bir sıra digər dövlət idarələrinin əməkdaşları iştirak edəcəklər.
“Sağlamlıq üçün, hamımız üçün” şüarı altında keçiriləcək yoxlamalarda Türkiyənin bütün nəqliyyat vasitələri, kafe, mağaza kimi bir sıra ictimai yerlərində COVID-19-a qarşı aparılan tədbirlər araşdırılacaq.
Qeyd edək ki, Türkiyədə qəbul olunan yeni qərara əsasən ölkənin bütün ictimai nəqliyyat vasitələrindən istifadə edənlərin xüsusi “HES” (Həyat evə sığar) kodu almaları vacibdir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul