CƏMİYYƏT
Türkiyə mediası: Azərbaycan Prezident Əliyevin təlimatı ilə yenə qardaş yardımına gəldi
Ankara, 24 iyun, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin 10 nəfərlik heyətlə Türkiyənin Muğla bölgəsində tüğyan edən meşə yanğınlarının söndürülməsinə qatılmaq üçün yenidən qardaş yardımına yetişməsi ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın “BE-200ÇS” amfibiya tipli təyyarəsinin Dalaman Hava Limanına enməsi ilə bağlı ölkə ictimaiyyətinə geniş məlumatlar çatdırmağa başlayıblar.
İnformasiyalar “Azərbaycan Prezident Əliyevin təlimatı ilə yenə qardaş yardımına gəldi!” sərlövhəsi ilə təqdim olunmaqdadır.
“Haber Global” telekanalı bununla bağlı xüsusi reportaj hazırlayıb. Kadrlarda “BE-200ÇS” təyyarəsinin enişini, eləcə də Azərbaycan yanğınsöndürənlərinin ötən il Türkiyədəki meşə yanğınlarının söndürülməsində göstərdikləri şücaəti əks etdirən kadrlar nümayiş olunub.
Məlumat verilib ki, “BE-200ÇS” amfibiya tipli təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə qabiliyyətinə malikdir.
Bu mövzuda “TRT Haber” telekanalı, “Takvim” qəzeti və digər nüfuzlu media qurumları da məlumat yayıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara