DÜNYA
Türkiyə və ABŞ prezidentləri Qətər böhranını müzakirə edəcəklər
Bakı, 13 iyun, AZƏRTAC
Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp Qətər ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, bunu çərşənbə axşamı günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Nazirin sözlərinə görə, Ərdoğan yaxın günlərdə Trampla telefon danışığı aparacaq. Söhbət zamanı Qətərdəki vəziyyət müzakirə olunacaq.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Dohanı terror təşkilatlarını dəstəkləməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda təqsirləndirərək Qətərlə diplomatik əlaqələri kəsdiklərini elan ediblər. Sonradan Yəmən, Liviyanın müvəqqəti hökuməti, habelə Maldiv, Mavritaniya, Komor adaları da analoji addım atıblar. Cibuti Qətərlə diplomatik əlaqələrin səviyyəsini aşağı salıb, Seneqal Dohadakı səfirini geri çağırıb.
Türkiyə parlamenti iyunun 7-də türk hərbi qulluqçularının Qətərdəki bazada yerləşdirilməsinə və bu ölkə ilə jandarma təlimləri üzrə əməkdaşlığa icazə verən qanun qəbul edib.