CƏMİYYƏT
Türkiyə vətəndaşı: Qarabağ soyadını daşımaqdan qürur duyuram VİDEO
Ankara, 30 dekabr, AZƏRTAC
Qardaş Türkiyədə Azərbaycana olan el məhəbbəti bitib-tükənmək bilmir. Çar Rusiyasının məhdudiyyətlərinə, onun varisi olan keçmiş sovetlər birilliyinin amansız qadağalarına baxmayaraq Azərbaycana olan sevgi və məhəbbət qardaş ölkədə silinməz izlər buraxıb. İkinci Qarabağ müharibəsindən sonra isə “Can Azərbaycan” ifadəsi ilə qardaşlığımızın tərənnümü dillər əzbəri olub. Bu gün təqdim etdiyimiz daha bir nümunə isə “Qarabağ” adının soyadlara çevrilməsinin şərəfli tarixi ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki, Harun Qarabağ daşıdığı bu soyadı onların nəslinə babası, Qafqaz İslam Ordusunun döyüşçüsü Niyaz Qarabağdan qalan milli sərvət kimi dəyərləndirir. Bəli bu nəsil Qarabağ soyadını məhz qazanaraq əldə edib və onu daşımaqdan hər zaman qürur duyub.
Hazırda başqa məsləkdə çalışmağına baxmayaraq Harun Azərbaycanın sevdalı tarixçidir. İrəvanın qədim Azərbaycan torpağı olduğunu, hazırda Ermənistan adlı ölkədə məskunlaşan ermənilərin, buraya İran, Suriya, Livan və sair ölkələrdən köçürüldüyünə dair həqiqətləri, eləcə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı rəşadətli Qələbədən sonrakı prosesləri mükəmməl bilən və diqqətlə izləyən Harun Qarabağ deyir ki, Zəfərdən sonra daşıdığı soyada maraq daha da artıb və o, bu soyadı ilə qürur keçirir.
Böyük sərkərdə Nuru paşanın silahdaşlarından olan Qafqaz İslam Ordusunun əsgəri Niyaz Qarabağ şərəfli döyüş yolu keçib. Türkiyədə soyadla bağlı qanun qəbul ediləndən sonra isə Azərbaycanla bağlı xatirələrini, keçdiyi döyüş yolunu nəsillərə çatdırmaq, Qarabağ adını hafizlərdə yaşatmaq üçün bu ismi soyad olaraq qəbul edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara