ELM VƏ TƏHSİL
Türkiyədə keçirilən beynəlxalq simpoziumda Azərbaycan alimlərinin məruzələri dinlənilib
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov və aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət Məmmədli Türkiyənin Sivas Cümhuriyyət Universitetində “Türk dünyası mədəniyyət elçiləri: Qazi Bürhanəddin” mövzusunda keçirilən beynəlxalq simpoziumda iştirak ediblər.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, beynəlxalq tədbirdə Paşa Kərimovun “Qazi Bürhanəddin şeirlərinin mövzu dairəsi və bədii ifadə vasitələri”, Nəzakət Məmmədlinin “Qazi Bürhanəddinin təsəvvüfi görüşləri” mövzularında məruzələri böyük maraqla qarşılanıb.
Azərbaycan alimləri simpozium çərçivəsində Sivas Cümhuriyyət Universitetinin rektoru Alim Yıldızla görüşüb, Qazi Bürhanəddinin və məşhur mütəsəvvif Şəmsəddin Sivasinin məzarlarını, Sivasın məşhur Ulu Camisi və s. tarixi yerləri ziyarət ediblər.