ELM VƏ TƏHSİL


Türkiyədə ulu öndər Heydər Əliyevə həsr olunan müsabiqələrin qalibləri mükafatlandırılıb

Ceyhan, 9 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Türkiyədə, Ceyhanda fəaliyyət göstərən və Ulu Öndərin adını daşıyan Peşə Təhsili Liseyində mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə ümummilli lider Heydər Əliyev şəxsiyyətini şagirdlərə daha yaxından tanıtmaq məqsədilə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşavirliyi tərəfindən təşkil olunan inşa-şeir və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Mərasim Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Sonra ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Mərasimdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, Ceyhan rayonunun icra başçısı Bayram Yılmaz, rayon milli təhsil şöbəsinin müdiri Murad Koçer, Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyinin direktoru Saleh Bilən, liseyin ədəbiyyat müəllimi Ümid Kaldar çıxış ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin inkişafı yolunda həyata keçirdiyi siyasətin nəticələri, o cümlədən ölkəmizin Türkiyə ilə bərabər inkişaf strategiyasından danışılıb. Diqqətə çatdırılıb ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri layihəsi Ulu Öndərimizin beynəlxalq statuslu şah əsərləri sırasındadır. Bu layihənin bəhrəsini Türkiyə əhalisi arasında ceyhanlılar daha yaxından hiss edirlər.

Vurğulanıb ki, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşavirliyi tərəfindən ənənə şəkilini alan belə müsabiqələr ulu öndər Heydər Əliyev şəxsiyyətinin daha yaxından tanınması və təbliğ olunması baxımından tarixi əhəmiyyət daşıyır.

İnşa yarışmasında birinci yeri liseyin şagirdi, "Türk millətinin ulu öndəri Heydər Əliyev" sərlövhəli yazının müəllifi Ceyda Nasırcı tutub. Şeir müsabiqəsinin qalibi isə liseyin digər şagirdi, "Bu Vətən böyük öndər Heydər Əliyevin əsəridir" adlı şeirin müəllifi Zehra Nur Özkatar olub. Rəsm müsabiqəsində birinci yeri Arda Yüceli tutub.

Mərasim şagirdlərin bədii proqramı ilə davam edib.

Sonra müsabiqələrin qaliblərinə mükafatlar təqdim olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ceyhan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.