SİYASƏT
Türkiyədə ümumrespublika layihəsinin açılışının Heydər Əliyev Bağında keçirilməsi Ulu Öndərə böyük hörmətin göstəricisidir
Ankara, 7 noyabr, AZƏRTAC
Türkiyədə ilk dəfə həyata keçirilən ümumrespublika layihəsinin Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışının Heydər Əliyev Bağında keçirilməsi Ulu Öndərə böyük hörmətin, eləcə də Azərbaycan-Türkiyə qardaşlığının göstəricisidir.
Bu fikri Heydər Əliyev Bağında təşkil olunan ağacəkmə aksiyasında iştirak edən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim AZƏRTAC-a müsahibəsində söyləyib. O bildirib ki, təbiət gözəlliyinin vurğunu olan ümummilli lider Heydər Əliyev həmişə ağac əkməyə, yaşıllıqların salınmasına və qorunmasına böyük önəm verib.
Türkiyənin dövlət və hökumət nümayəndələrinin, deputatların, şəhər sakinlərinin, o cümlədən şagirdlərin iştirakı ilə Heydər Əliyev Bağında ağac əkilməsinin qürurverici olduğunu qeyd edən səfir diqqətə çatdırıb ki, Ankaranın mərkəzində salınmış Heydər Əliyev Bağının gündən-günə yaşıllaşması və gözəlləşməsi çox önəmlidir. “Fidanlar fidanlarla böyüyür” şüarı altında təşkil olunan və Heydər Əliyev Bağında start götürən bu aksiyanın olduqca önəmli məqsədləri var.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara