Türkiyədə zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişdirilib
AzerTAg.az

Bakı, 8 fevral, AZƏRTAC
Türkiyədə güclü zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib.
Türkiyənin ölkəmizdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yardımla bağlı Babək prospektində yerləşən “Doğtaş” mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbi ilə Tbilisi prospektindəki Heydər Əliyev adına İdman Konsert Kompleksinə dəyişilib.
Türkiyənin Azərbaycandakı səfirliyi və Naxçıvandakı Baş konsulluğu yardım üçün Azərbaycan vətəndaşlarına müraciət edib. Müraciətdə bildirilib ki, zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar lazımdır. Əşyalar şəxsən və ya karqo yolu ilə Naxçıvandakı Baş konsulluğa çatdırıla bilər (Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev prospekti 17).
Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Zəlzələdən 10 vilayət zərər çəkib. Son məlumatlara görə, 6234 nəfər ölüb, 37 mindən çox insan yaralanıb.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin dünyada bənzəri olmayan zəlzələ ilə üz-üzə qaldığını vurğulayıb və vətəndaşları AFAD hesablarına ianə etməyə çağırıb.
Xatırladaq ki, zəlzələnin ilk günü - fevralın 6-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin 420 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.
Xəbərin mətnində orfoqrafik səhv var