İDMAN
Türkiyəli idmançı: Azərbaycanlı azarkeşlərin bizi xüsusi alqışlarla qarşılaması qürurverici idi
Bakı, 13 may, AZƏRTAC
Azərbaycana əvvəllər də gəlmişəm və ölkənizdə keçirilən Avropa çempionatında iştirak etmişəm. Mən Azərbaycanda keçirilən idman yarışlarının yüksək səviyyədə təşkil olunmasının şahidiyəm. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları isə təkraredilməz səviyyədə yüksək təşkil olunub. Azərbaycanda idmana olan sevgini, diqqət və qayğını dünyanın heç bir ölkəsində görmək mümkün deyil. Bu, çox sevindirici haldır.
Bu sözləri IV İslam Həmrəyliyi Oyunlarının bədii gimnastika yarışında Türkiyə komandasını təmsil edən Selen Bektaş AZƏRTAC-a müsahibəsində bildirib.
Selen Bektaş deyib: “Milli Gimnastika Arenasının möhtəşəmliyinə valeh oldum. Əslində, burada çox mehriban mühit var. Biz burada rəqib deyil, dost qazanırıq. Çox gözəl çıxışlar oldu. Güclü komandalardan, ilk növbədə, Azərbaycanın adını çəkmək istərdim. Marina Durundanın çıxışını isə xüsusi qeyd etmək istərdim. O, çox güclü idmançıdır”.
Azərbaycanda gimnastikaya böyük marağın olduğunu vurğulayan türkiyəli atlet azarkeşlərin diqqətindən məmnunluğunu ifadə edərək vurğulayıb: “Azarkeşlər bizə çox böyük dəstək verirlər. Qardaş ölkə olduğumuz o dəqiqə hiss olunur. Arenaya çıxanda xüsusi alqışlarla qarşılanmağımız bizim üçün çox qürurverici idi”.
Atlet bildirib ki, Türkiyədə başqa idman növlərinə nisbətən bədii gimnastikaya maraq daha azdır. Lakin o, Azərbaycanda ölkələrini layiqincə təmsil etmək üçün var gücləri ilə mübarizə apardıqlarını deyib.