ELM VƏ TƏHSİL


Türkiyəli professor Əlyazmalar İnstitutunda aparılan elmi-tədqiqat işləri ilə maraqlanıb

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Türkiyənin Anadolu Universitetinin professoru Muhsin Macit və Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdəmir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan bildirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli qonaqlara elmi müəssisənin tarixi, fondlarda qorunan nadir əlyazmalar, aparılan elmi-tədqiqat işləri və s. haqqında geniş məlumat verib. Filologiya üzrə elmlər doktoru Paşa Kərimov M.Macitin klassik Azərbaycan ədəbiyyatının bir çox tanınmış simalarının yaradıcılığını tədqiq etdiyini, Cahan şah Həqiqinin şeirlərini ilkin mənbələr əsasında nəşrə hazırladığını diqqətə çatdırıb. Bildirilib ki, türkiyəli alim Xətainin “Divan”ının Azərbaycan, Türkiyə, İran, Əfqanıstan, Fransa, ABŞ və digər ölkələrin kitabxana fondlarında qorunan 22 əlyazma əsasında elmi-tənqidi mətnini tərtib edib. Bundan əlavə, alim çoxlu sayda elmi məqalələr, eyni zamanda, XV-XVI əsrlər Türkiyə-Azərbaycan ədəbi əlaqələrinə dair maraqlı tədqiqat əsəri yazıb.

Söhbət zamanı C.Özdəmirin Əlyazmalar İnstitutunda aparılan tədqiqat işlərini daim izlədiyi vurğulanıb. Qeyd edilib ki, o, Yunus Əmrə İnstitutu ilə Əlyazmalar İnstitutu arasında əməkdaşlığın qurulması istiqamətində səmərəli fəaliyyət göstərir.

M.Macit və C.Özdəmir gələcəkdə Əlyazmalar İnstitutu ilə birgə layihələr üzərində çalışmağın mümkünlüyünü diqqətə çatdırıblar. Sonra qonaqlar institutun ekspozisiya zalı və buradakı sərgi ilə tanış olublar. Qonaqlar xatirə kitabına ürək sözlərini yazıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.