ELM VƏ TƏHSİL
Türkiyəli qonaqlar Mərkəzi Elmi Kitabxanada





Bakı, 7 iyun, AZƏRTAC
İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bakıda olan araşdırmaçı, yazıçı-jurnalist, yazıçı Şəmsəddin Küzəçi və şair Coşqun Karabulut AMEA Mərkəzi Elmi Kitabxanada olublar.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. MEK-in baş direktoru professor Məmməd Əliyev ilə keçirilən görüşdə yazıçılar ilə əməkdaşlığın kitabxanaya faydası vurğulanıb. Bununla yanaşı, Azərbaycan üçün önəmli olan ədəbiyyatların, mənbələrin həm elektron, həm də çap versiyada MEK-ə təqdim edilməsinin əhəmiyyətinə toxunulub.
Daha sonra qonaqlar kitabxananın iş prinsipi, fəaliyyəti ilə tanış olublar. Qarabağ müharibəsi qəhrəmanları fondunda olarkən burada qorunan nəşrlər, şəhidlərin vaxtilə oxuduğu kitablar və digər guşələr haqqında geniş məlumat verilib. Həmçinin AMEA-nın 15 təsisçisinin büstlərindən ibarət qalereyaya, Diplomatik fonda və İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində MEK-də təşkil olunan sərgiyə baxış keçirilib.
Görüş zamanı əslən Türkmənelinin Kərkük şəhərindən (İraq) olan tanınmış yazıçı Şəmsəddin Küzəçi və şair Coşqun Karabulut bir sıra kitablarını MEK-ə təqdim ediblər. MEK tərəfindən isə qonaqlara “Heydər Əliyev İli” çərçivəsində hazırlanan təqvim və qiymətli nəşrlər hədiyyə edilib.