ELM VƏ TƏHSİL
Türkiyənin Alaaddin Keyqubat Universiteti ilə Bakı Slavyan Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı, 16 dekabr, AZƏRTAC
Türkiyənin Alanya Alaaddin Keyqubat Universiteti ilə Bakı Slavyan Universiteti (BSU) arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 15-də Alaaddin Keyqubat Universitetinin rektoru Əhməd Pinarbaşı universitetin qonağı olub.
Universitetin rektoru Nurlana Əliyeva ilə keçirilən görüşdə qonağa ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri, kadr hazırlığı, türkiyəşünaslığın tədrisi və s. barədə ətraflı məlumat verilib.
Əhməd Pinarbaşı BSU-nun Ukrayna, Rusiya, Belarus Mədəniyyət mərkəzləri ilə tanış olub, tələbələrlə görüşüb.
Sonra universitetlər arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilə universitetlər arasında tələbə və müəllim mübadiləsini, elmi tədqiqatlar və araşdırmalar sahəsində birgə fəaliyyəti nəzərdə tutur. Müqaviləyə əsasən universitetlər birgə beynəlxalq konfrans və simpoziumlar keçirə, elmi fəaliyyətin yekunu olaraq elmi toplu və məcmuələr nəşr edə biləcəklər.