CƏMİYYƏT
Türkiyənin Azərbaycandakı səfiri “ASAN Könüllülərinin Diplomatiya Günləri”ndə
Bakı, 6 oktyabr, AZƏRTAC
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin və “Diplomatiya Könüllüləri”nin tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “ASAN Könüllülərinin Diplomatiya Günləri” layihəsi çərçivəsində görüşlər davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, növbəti görüş Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə keçirilib.
“Şuşa və Bakı bəyannamələrinin tarixi və hüquqi əhəmiyyəti: Yeni reallıqlar” mövzusunda baş tutan görüşdə hər iki bəyannamənin regiona təsiri haqqında müzakirələr aparılıb.
Səfir Şuşa Bəyannaməsinin həm Azərbaycan, həm də Türkiyə üçün çox böyük əhəmiyyət kəsb edən mühüm tarixi sənəd olduğunu bildirib. Həmçinin bəyannamədə bir çox önəmli məsələlərin o cümlədən siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi bir çox sahələrin əhatə olunduğunu qeyd edib.
Eyni zamanda, Bakı Bəyannaməsinin ölkələrimiz arasında tarixi qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, xalqlarımızın ortaq maraqlarına yüksək səviyyədə xidmət etməyə mühüm töhfə verəcəyi diqqətə çatdırılıb.
Sonda iştirakçıların sualları cavablandırılıb.