ELM VƏ TƏHSİL
Türkiyənin Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilib
Bakı, 16 iyul, AZƏRTAC
Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına kursant qəbulu elan edilir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına qəbul olan kursantlar təhsil müddətində pulsuz yemək, geyim forması və yataqxana, eləcə də müavinətlə təmin edilirlər. Akademiyada təhsil türk dilindədir. Müvafiq təhsil müəssisəsində ingilis dilinin tədrisinə böyük önəm verilir. Kursantlara dördillik ali təhsildən əvvəlcə bir il müddətində ingilis dilindən hazırlıq təlimi keçirilir. İngilis dilini müvafiq səviyyədə bilən kursantlar isə birbaşa birinci kursdan təhsilə başlayırlar. Təhsil forması əyanidir. Təhsil müddəti ingilis dili hazırlığı ilə birlikdə beş ildir.
Ali məktəbə qəbulun birinci mərhələsində namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən IV qrup üzrə test yolu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı Azərbaycan dili, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə Azərbaycan dilində aparılır.
İkinci mərhələdə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, 17 yaşı tamam olan və 20 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) iştirak edə bilərlər.
Qəbul imtahanlarından 250-dən yuxarı bal toplamış altı namizəd Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibbi müayinələrə və fiziki hazırlıq üzrə yoxlamalara cəlb olunur. Müvafiq yoxlamalardan keçmiş namizədlər Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Azərbaycan Respublikasındakı Türkiyə Jandarma Təlim Qrupu tərəfindən keçiriləcək müsahibədə iştirak edirlər.
Fiziki hazırlıq üzrə yoxlamaların və müsahibənin nəticələri bəlli olduqdan sonra ən uğurlu göstəricilər əldə etmiş 3 namizəd Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına təhsil almağa göndəriləcək.
Jandarma və Sahil Təhlükəsizlik Akademiyasını müvəffəqiyyətlə bitirmiş şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müvafiq vəzifələrə təyin olunacaq və yaşayış yeri ilə təmin ediləcəklər. Həmin şəxslərin ən azı on il müddətində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zabit kimi xidmət etmələri məcburidir. Birinci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Akademiyadan xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Müsabiqədə iştirak etmək istəyənlər qəbul imtahanlarının nəticələri elan edildikdən sonra iyulun 27‑dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.