REGİONLAR
Türkiyənin Kənd Təsərrüfatı Sığorta Birliyinin rəhbərliyi Gəncəyə səfər edib VİDEO
Gəncə, 3 noyabr, M.Əlioğlu, AZƏRTAC
Türkiyə Respublikasının TARSİM aqrar sığorta təşkilatının Himayəçilik Şurasının üzvü, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik nazirliyinin nümayəndəsi Bekir Engürülü və TARSİM idarəedici şirkətinin rəhbəri xanım Serpil Günalın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncəyə səfər ediblər.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, türkiyəli qonaqlar cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar.
Məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmaqda davam edir.
Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alır. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş faşistsayağı hücumlar nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 26 dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.
Son günlərdə törədilmiş belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.
Sentyabrın 27-dən başlayaraq Azərbaycanın şəhər və kəndlərinə edilən vəhşi hücumlar nəticəsində, ümumilikdə, 90-dan çox dinc sakin həlak olub, 400-dən çox mülki şəxs yaralanıb, minlərlə ev və çoxmənzilli yaşayış binası, həmçinin mülki infrastruktur obyekti dağılıb və ya ciddi zədələnib.
Vurğulanıb ki, əhalinin sıx yaşadığı ərazilərə “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyır. Dinc vətəndaşların məqsədyönlü şəkildə hədəfə alınması isə insanlığa qarşı cinayətdir. Ermənistan beynəlxalq hüquqa məhəl qoymur, müharibə cinayətlərini davam etdirir, atəşkəs çağırışı edənlər, dünya dövlətləri isə bunu seyr etməklə kifayətlənir. Bu cinayətə laqeyd qalmaq onun iştirakçısına çevrilmək deməkdir. Təmas xəttindən uzaqda yerləşən Gəncə Ermənistan ərazisindən atəşə tutulur. Gəncə ilə yanaşı, Azərbaycanın sənaye şəhəri Mingəçevir şəhəri, o cümlədən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyası, həmçinin “Mingəçevir” Su Elektrik Stansiyası da raket atəşinə məruz qalır.
Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış yaşayış binasının və evlərin ətrafına gül düzüb, qətlə yetirilənlərin ruhuna dualar oxuyublar.