CƏMİYYƏT
Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının nümayəndələri Qarabağ Dirçəliş Fondunda olublar
Bakı, 17 iyun, AZƏRTAC
Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin nümayəndələri Qarabağ Dirçəliş Fondunda olublar.
AZƏRTAC xəbər verir ki, Fondda Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurası İcraiyyə Komitəsinin sədri Kemal Koloğlu və Komitənin üzvləri arasında görüş keçirilib.
Görüşdə Azərbaycanla Türkiyə arasında qarşılıqlı maraq doğuran məsələlər, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində birgə əməkdaşlıq imkanları müzakirə edilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev qonaqlara Fondun əsas missiyası, fəaliyyətinin əsas istiqamətləri, prioritetləri, qurum tərəfindən həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
R.Hacıyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin Qarabağın onilliklər ərzində davam edən işğalına son qoyması ilə ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsindən danışıb.
Fondun İdarə Heyətinin sədri Ermənistan tərəfindən işğal nəticəsində Qarabağa vurulan zərərin həcmi barədə də danışıb. Qeyd edib ki, işğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, Böyük Qayıdışın daha qısa zamanda həyata keçirilməsi üçün dövlətin gördüyü tədbirlərlə yanaşı, cəmiyyətin həmrəylik göstərməsi və bu prosesdə yaxından iştirakı olduqca zəruridir.
R.Hacıyev bildirib ki, hazırda dövlətimizin başçısının tapşırığına əsasən, işğalından azad edilən ərazilərin bərpası, dayanıqlı inkişafının təmin olunması, həmin ərazilərdə ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan Əməkdaşlıq Şurasının İcraiyyə Komitəsinin sədri Kemal Koloğlu işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına dəstək göstərməyə və müvafiq sahələrdə təcrübələrini bölüşməyə hazır olduqlarını bildirib.