CƏMİYYƏT
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
Bakı, 14 sentyabr, AZƏRTAC
Türkiyəli qonaqlar DOST Agentliyinin 1 saylı DOST mərkəzində pensiya, müavinət və təqaüdlər, məşğulluq, əmək münasibətləri, əlillik, tibbi ekspertiza və protez-ortopedik təminat və s. sahələr üzrə xidmət bölmələri ilə tanış olublar. Qonaqlara agentliyin və mərkəzin iş prinsipləri, eləcə də əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim sahələrində vətəndaşlara göstərilən bir pəncərə sisteminə əsaslanan xidmətlər barədə məlumat verilib.
Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2025-ci ilə kimi 31 DOST mərkəzi açılacaq və bütün ölkə vətəndaşları bu xidmətlərlə əhatə olunacaq.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir S.Babayev qeyd edib ki, Prezidenti İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzillə və avtomobillə təminatı sahəsində mühüm addımlar atılır. Həmin kateqoriyalardan olanlara dövlət vəsaiti hesabına mənzil və avtomobillər verilir, bu il müavinətlər və təqaüdlər 100 faizədək artırılıb. Ölkəmizdə bu kateqoriyadan olan vətəndaşları təmsil edən qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr yaradılıb.
Tədbirdə Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin Bakını işğaldan azad etməsindən danışılıb, zəfər bayramının 101-ci ildönümü münasibətilə bir sıra tədbirlərin həyata keçiriləcəyi vurğulanıb.
Görüş zamanı qonaqlar Azərbaycanda müharibə əlillərinə, veteranlarına dövlətin göstərdiyi yüksək səviyyədə qayğının şahidi olduqlarını bildiriblər. Onları yüksək qonaqpərvərliklə qarşıladıqlarına görə minnətdarlıqlarını çatdırıblar.