MƏDƏNİYYƏT
Türkiyənin məşhur “F.Ö.N” caz qrupu Bakıya gəlir
AZƏRTAC xəbər verir ki, oktyabrın 10-dan 16-dək davam edəcək festivalın ikinci günündə çıxış edəcək qrupun adı açıqlanıb. Oktyabrın 11-də Türkiyənin məşhur “F.Ö.N.” caz qrupu möhtəşəm ifaları ilə “Park Bulvar” ticarət və əyləncə mərkəzindəki “Zeytun” restoranında Bakı musiqi sevərlərinin qarşısında çıxış edəcək.
Qrup üzvləri Feride Berin Öget, Özay Fecht və Nilüfer Verdi Türkiyənin önəmli musiqiçilərindəndir. Qrup üzvləri, Azərbaycanda konsert verəcəklərindən çox məmnun olduqlarını bildiriblər.
Qrupun ən gənc üzvü Feride Berin TRT İstanbul Radiosu Uşaq Xorunda, 2002-ci ildə isə bir çox konsertdə iştirak edib. 2003-cü ildə Mərmərə Kollecində verdiyi konsertdə məşhur ifaçı Nil Kocamangil ilə birlikdə öz bəstəsini səsləndirib. Feride Berin Öget müxtəlif mədəniyyət, sənət və xüsusi təhsil müəssisələrində violonçel, piano, solfecio və harmoniyadan dərs keçir.
Nilüfer Verdi isə Türkiyədə caz musiqisi sahəsində sözünü demiş ifaçılardan biridir. Caz ifaçısı gənc yaşlarından piano çalmağa başlayıb. Türkiyədə və xaricdə bir çox məşhur caz ustadları ilə işləyib. Türkiyənin dəyərli xanım caz sənətçilərindən biri olan Nilüfer Verdinin “Mana” və “İzhar” adlı iki albomu var.
Qrupun digər üzvi Özay Fecht Türkiyədə tanınmış aktrisalardan biridir. Alman, ingilis, fransız, ispan dillərini mükəmməl bilən Özay Fecht, Türkiyədə 50-yə yaxın kino və seriallarda rol alıb. Eyni zamanda Ö.Fecht professional musiqi ilə də məşğul olub.
“F.Ö.N” qrupunun konsertinə giriş pulsuz olacaq.