CƏMİYYƏT


Türkiyənin tibb mütəxəssislərindən ibarət nümayəndə heyəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olub

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Türkiyə Respublikası Səhiyyə Nazirliyinin Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin müdiri Selami Kılıç ilə görüşüb.

Dövlət agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Türkiyənin Gülhanə Tədris və Araşdırma Xəstəxanasının baş həkimi Serkan Gökkaya, Ankara şəhər Xəstəxanasının Pediatriya Mərkəzinin rəhbəri Emrah Şenel, agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı və TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev iştirak ediblər.

Görüşün məqsədi göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması üçün ehtiyaclarla yerində tanış olmaq və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməkdən ibarət olub. Xəstəxanaların idarəolunması işinin təşkili, Türkiyədəki tibb müəssisələri ilə Azərbaycandakı müəssisələr arasındakı “model xəstəxana” quruculuğu, tibbi-elmi tədqiqat işlərinin aparılması istiqamətində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Selami Kılıç səmimi qəbula görə agentliyin İdarə Heyətinin sədrinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, Türkiyə Respublikası Səhiyyə Nazirliyinin 21 nəfərdən ibarət tibb mütəxəssisi 1 saylı Kliniki Tibbi Mərkəzdə fəaliyyət göstərmək məqsədilə Azərbaycan Respublikasına ezam olunub: “TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində fəaliyyət göstərən politravma mərkəzlərindəki xəstələrin müalicəsinin təşkili məsələlərinə Türkiyədə təhsil almış həkimlər də dəstək olacaq”.

Zaur Əliyev öz növbəsində cəbhədə torpaqlarımız uğrunda vuruşan yaralı hərbçilərə tibbi xidmət göstərmək üçün ölkəmizə ezam olunan tibb mütəxəssislərinə görə Selami Kılıça minnətdarlığını bildirib. Agentliyin İdarə Heyətinin sədri ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlar, elektron səhiyyənin mövcud vəziyyəti və s. barədə qonaqlara məlumat verib və Azərbaycan-Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdiriləcəyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.