ELM VƏ TƏHSİL
Türkmənistan Elmlər Akademiyasının əməkdaşları Hüseyn Cavidin ev-muzeyinin qonağı olublar

Bakı, 7 iyun, AZƏRTAC
Türkmənistan Elmlər Akademiyası Məhtimqulu adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Rəhmanverdi Qodarov və elmi işçi Məqsəd Mərədov Hüseyn Cavidin ev-muzeyinin qonağı olublar.
Muzeydən AZƏRTAC-a bildirilib ki, qonaqlara Türk dünyası ədəbiyyatının bənzərsiz simalarından olan dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı, zəngin yaradıcılığı, əsərlərinin bədii-fəlsəfi əhəmiyyəti və xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verilib. İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bakıda olan türkmən tədqiqatçılarına, həmçinin muzeyin tarixi, fəaliyyət istiqamətləri, burada həyata keçirilən elmi-tədqiqat işləri, son illərdəki nəşrləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qonaqlara Hüseyn Cavidin ev-muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Heydər Əliyev və Hüseyn Cavid” monoqrafiyası və dramaturqun muzey tərəfindən ayrıca kitab halında nəşr etdirilmiş “Knyaz” və “Uçurum” pyesləri hədiyyə edilib.
Daha sonra Türkmənistan alimləri muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.