SİYASƏT


Türkmənistan Prezidenti Azərbaycanın xarici işlər naziri ilə görüşüb

Türkmənistan Prezidenti Azərbaycanın xarici işlər naziri ilə görüşüb

Bakı, 31 yanvar, AZƏRTAC

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın bu ölkədə rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Türkmənistan dövlətinin başçısına çatdırıb. Prezident Qurbanqulu Berdiməhəmmədov da salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüşdə Türkmənistan Prezidentinin 2017-ci ildə Azərbaycana rəsmi səfəri və iki ölkənin dövlət başçıları səviyyəsində yüksək siyasi dialoqun ölkələrimiz arasında ənənəvi dostluq əlaqələrinin inkişafına xüsusi təkan verdiyi qeyd olunub. Hər iki ölkənin xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsində əzmli olduğu vurğulanıb.

Söhbət zamanı nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “Azərbaycan Dəmir Yolları” QSC-nin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələrinin də daxil olmasının və aidiyyəti qurumlarla işgüzar görüşlərin keçirilməsinin enerji və nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığı qeyd olunub. Türkmənistan Prezidentinin Azərbaycana son rəsmi səfəri çərçivəsində xüsusilə iqtisadiyyatın müxtəlif sahələrinə dair imzalanmış sənədlər paketinin iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün mühüm zəmin yaratdığı bildirilib.

Nazir Elmar Məmmədyarov artıq fəaliyyətə başlayan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin region ölkələri arasında nəqliyyat imkanlarını əsaslı dərəcədə artırdığını diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında mövcud olan ikitərəfli əlaqələrin Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə üçtərəfli formatda inkişaf etdirilməsinin regional əməkdaşlıq və çiçəklənməyə xidmət etdiyi vurğulanıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.