MƏDƏNİYYƏT
Turşsu məktəbinin şagirdləri Şuşa musiqiçilərinin rənglənmiş fotoları ilə tanış olublar
Bakı, 12 may, AZƏRTAC
“Rənglənmiş tarix” adı altında Şuşa musiqiçilərinə məxsus sənədli abidələrin qorunması və təbliğatı layihəsi çərçivəsində Şuşa rayon Turşsu kənd Uşaq Musiqi Məktəbində fotosərgi təşkil olunub. Sərgi Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Mədəniyyət və İncəsənət Universiteti ilə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin (UYD) təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC verir ki, “Qobu Park-2” yaşayış kompleksində müvəqqəti olaraq yerləşən Şuşa rayon Turşsu kənd Uşaq Musiqi Məktəbinin akt zalında keçirilmiş sərgidə məktəbin 50-yə yaxın şagird və müəllimi iştirak edib. Sərgi iştirakçıları Şuşa musiqiçilərinin rənglənmiş fotoları ilə tanış olublar. Tədbir məktəbin müəllim və şagirdləri tərəfindən Şuşaya həsr olunmuş canlı ifalar ilə müşayiət olunub.
Tədbir zamanı sərgi iştirakçılarına onları Şuşa musiqiçilərini haqqında məlumatlılığın artırılmasında fəal olmağa təşviq edən bukletlər paylanıb. Məktəbin direktoru İlham Həsənov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, məhz Şuşa rayon musiqi məktəbinin şagirdləri arasında bu kimi sərginin təşkilinin böyük maraqla qarşılandığını qeyd edib. Tədbirin sonunda məktəb direktoru tərəfindən “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinə Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyi münasibətilə hazırlanmış “Nəğmə dolu Şuşam mənim” audio diskli kitab hədiyyə olunub.