DÜNYA
Tviter İngiltərə yığmasının oyunçuları ilə bağlı mindən çox irqçi ifadəni silib
Bakı, 12 iyul, AZƏRTAC
Tviter sosial şəbəkəsinin administrasiyası iyulun 11-də futbol üzrə Avropa çempionatının final oyununda məğlub olan İngiltərə yığmasının oyunçularının ünvanına səsləndirilən mindən çox irqçi ifadəni silib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, silinən bəzi ifadələrin müəlliflərinin hesabları müvəqqəti bloklanıb.
Bir müddət öncə Böyük Britaniyanın Baş naziri Boris Conson tviter sosial şəbəkəsindən istifadə edən futbol azarkeşləri tərəfindən nümayiş olunan irqçilik təzahürlərini qınayaraq onların öz-özlərindən utanmalı olduqlarını deyib. Ölkənin daxili işlər naziri Priti Patel isə öz növbəsində nifrət dolu ifadələrin müəlliflərinin “məsuliyyətə cəlb olunacağını” bildirib. Final oyununu “Wembley” stadionunda izləyən Böyük Britaniya Kraliçası II Elizabetin nəvəsi şahzadə Uilyam da azarkeşlərin irqçiliyini qınayıb.
Xatırladaq ki, İngiltərə və İtaliya komandaları arasında “Wembley” stadionunda keçirilən Avropa çempionatının final oyununun əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə İtaliya yığması 3:2 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub. İngiltərə yığma komandasının qaradərili oyunçuları Markus Reşford, Ceydon Sanço və Bukayo Saka penalti zərbələrini yerinə yetirə bilməyib və bu səbəbdən azarkeşlərin irqçi təhqirlərinə məruz qalıblar.