ELM VƏ TƏHSİL
“Twitter” üçün yeni əlavə videonun telefondan yayımlanmasına imkan verəcək
Bakı, 23 noyabr, AZƏRTAC
“Twitter” şirkəti “YouTube” xidmətinə qısa müddətdə rəqib olacaq axınlı videoservisini istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, şirkətin yaydığı məlumata görə, yeni pulsuz “Periscope” əlavəsi axınlı videonu smartfondan istifadəçinin “Twitter” səhifəsinə onlayn rejimdə translyasiya etməyə imkan verir. Bundan başqa, video ilə yanaşı, səs və coğrafi koordinatları ötürmək mümkündür. Canlı yayım zamanı “Periscope” səhifə istifadəçilərinin şərhlərini və “bəyənmə” saylarını izləyir. İstifadəçilərin 24 saat ərzində istifadə edə biləcəkləri videonun reytinqi bu göstəricilərdən asılı olur.
Ekspertlərin fikrincə, “Twitter” tərtibatçıları axınlı videonun sürətlə populyarlıq qazanaraq “YouTube” servisinin reytinqini artırmasına diqqət yetiriblər. “Periscope” vasitəsilə onlar məşhur video platforması ilə rəqabət aparmaq niyyətindədirlər.
Yeni əlavədən hazırda yalnız “iPhone” istifadəçiləri yararlana bilərlər. Lakin tərtibatçıların sözlərinə görə, yaxın gələcəkdə “Android” sistemli qurğular üçün nəzərdə tutulan versiyanın təqdim olunması gözlənilir.