ELM VƏ TƏHSİL
ÜAK-DA RUSİYADA YAŞAYAN GƏNC SOYDAŞLARIMIZ ÜÇÜN TEST İMTAHANI KEÇİRİLMİŞDİR
Test imtahanında Rusiyada yaşayan 25 abituriyent iştirak etmişdir. Azərbaycan Təhsil Nazirliyinin ÜAK üçün ayırdığı kvotaya uyğun olaraq, onların 18 nəfəri Rusiyanın müxtəlif ali məktəblərində oxuyacaqdır. Moskva, Yekaterinburq, Voronej, Həştərxan, Lipetsk, Samara, Novqorod və Volqoqraddan olan abituriyentlər imtahan vermişlər.
ÜAK-ın vitse-prezidenti, icra aparatının rəhbəri Natiq Ağamirov AZƏRTAC-ın Moskvadakı xüsusi müxbirinə demişdir ki, azərbaycanlı tələbələrin Rusiya ali məktəblərində təhsil alması üçün verilmiş kvotaların bir hissəsinin Konqresə ayrılması haqqında qərar çox əlamətdar hadisədir və bu ilk təcrübə Rusiya ərazisində yaşayan azərbaycanlıların ölkənin nüfuzlu ali məktəblərində oxumasına imkan yaradacaqdır. Onun sözlərinə görə, bu zərurət onunla bağlıdır ki, Bakıda və bölgələrimizdə yaşayan azərbaycanlılar Rusiya paytaxtından uzaqda yerləşən ali məktəblərə könülsüz gedirlər. Rusiya bölgələrində yaşayan bir çox azərbaycanlılar isə bu imkandan istifadə edərək, bir test imtahanı verməklə, həmin təhsil ocaqlarında uğurla oxuyacaqlar. Rusiyanın bütün bölgələrində yaşayan azərbaycanlı gənclərin bu ölkənin nüfuzlu institutlarında oxumaq imkanına malik olması çox əhəmiyyətlidir.
ÜAK rəyasət heyətinin qərarına əsasən, bu layihənin həyata keçirilməsi üçün Konqresin qəbul komissiyası yaradılmışdır. Onun tərkibinə Rusiyada tanınmış alim və pedaqoqlar daxildir. Qəbul Komissiyasının sədri ÜAK Mərkəzi Şurasının üzvü, Rusiya Təhsil Akademiyasının müxbir üzvü, RF Pedaqoji Elmlər Akademiyasının akademiki Qədriyyə Səlimovadır. Komissiyaya ÜAK-ın Təhsil və Elm komitəsinin sədri, filologiya elmləri doktoru, professor Tofiq Məlikov, ÜAK Mərkəzi Şurasının üzvü, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, “Voprosı istorii” jurnalının baş redaktoru Əhməd İsgəndərov, Təhsil və elm komitəsi sədrinin müavini Xumar Əliyeva, pedaqoji elmlər doktoru, tarix elmləri namizədi, yazıçı Əbdül Hüseynov, professor, Rusiya Pedaqoji Təhsil Elmləri Akademiyasının akademiki Yaqut Nemətov və “LUKoyl” neft şirkətinin ictimai əlaqələr idarəsi rəisinin müavini Nailə Ələkbərova da daxildirlər.
Natiq Ağamirov bildirmişdir ki, qəbul imtahanı respublika Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının tələblərinə tam uyğun şəkildə keçmişdir. Dövlət Komissiyasının mütəxəssisləri Moskvaya gəlmiş və imtahanın keçirilməsində bilavasitə iştirak etmişlər.
N.Ağamirov demişdir ki, Rusiya bölgələrində yaşayan azərbaycanlı abituriyentlər müxtəlif ali məktəblər və ixtisaslar üzrə sənəd vermişlər. Həştərxan, Volqoqrad, Voronej, Samara dövlət universitetlərinə, Voronej Texnologiya Akademiyasına, Ural Texniki Universitetinə və Pyatiqorsk Dövlət Linqvistika Universitetinə daxil olmaq istəyənlər var. Sonrakı illərdə bu kvota artırılacaq və soydaşlarımız Rusiyanın müxtəlif ali məktəblərində daha çox ixtisas üzrə təhsil ala biləcəklər.