SİYASƏT
ÜAK və Azərbaycan səfirliyi Moskvada Novruz bayramına həsr olunmuş gecə təşkil etmişlər
Moskva, 24 mart (AZƏRTAC). Moskvada baharın gəlişinin carçısı olan Novruz bayramına həsr olunmuş gecə keçirilmişdir.
Bayram gecəsini Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) Azərbaycanın RF-dəki səfirliyi ilə birlikdə təşkil etmişdir.
ÜAK-ın prezidenti, akademik Məmməd Əliyev təbrik nitqində bildirmişdir ki, bahar və bərəkət rəmzi olan Novruz xaricdə, o cümlədən Rusiyada yaşayan həmvətənlərimizin ən sevimli və geniş qeyd etdikləri bayramdır. O, Azərbaycan diasporu adından tarixi Vətənimizə və Rusiyaya sülh və əmin-amanlıq, bütün həmvətənlərimizə uğurlar və xoşbəxtlik arzulamışdır.
Bayram tədbiri canlı milli musiqi və Azərbaycan incəsənət xadimlərinin çıxışları ilə müşayiət olunmuşdur. Bakıdan dəvət edilmiş Abbas Bağırov, Tünzalə Ağayeva, habelə Sərxan Sərxan populyar mahnılarla çıxış etmiş, “Odlar yurdu” ansamblı Azərbaycan xalq melodiyalarını və milli rəqslərini ifa etmişdir. Bayram süfrələri Novruzun əsas atributları olan səməni, xonça, habelə paxlava, şəkərbura və şorqoğalı ilə bəzənmişdir.
Bayram tədbirində Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin görkəmli nümayəndələri, Heydər Əliyev Fondunun Rusiya Federasiyası nümayəndəliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təmsilçiləri iştirak etmişlər.
Tədbir iştirakçılarına populyar “Baku” jurnalının və ÜAK-ın mətbu orqanı olan “Azerbaydjanskiy konqres” qəzetinin nüsxələri paylanmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva