İDMAN


UEFA Avropa Liqası: “Çelsi” “Ayntraxt”ı məğlub edərək finala vəsiqə qazanıb

Bakı, 10 may, Nicat Məmmədov, AZƏRTAC

UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalının ikinci komandası məlum olub.

AZƏRTAC xəbər verir ki, mərhələnin ikinci görüşü İngiltərədəki “Stenford Bric” stadionunda keçirilib. Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi “Ayntraxt” “Çelsi”nin qonağı olub. Bu komandaların Frankfurda keçirilən görüşündə qalib müəyyənləşməyib - 1:1.

Görüşdə hesabı meydan sahibləri açıb. Matçın 28-ci dəqiqəsində Ruben Loftus-Çik fərqlənib. Birinci hissə London təmsilçilərinin minimal hesabla üstünlüyü ilə başa çatıb. Fasilədən sonra Frankfurt təmsilçisi hesabı bərabərləşdirib. Luka Yoviç adını tabloya yazdırıb. Qalan dəqiqlərdə hər iki komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.

Ümumi hesab bərabər olduğundan qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.

Əlavə olunan vaxtda da qalib müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələri seriyası təyin olunub.

Cərimə zərbələri seriyasında 4:3 hesabı ilə qalib gələn “Çelsi” klubu UEFA Avropa Liqasının finalına vəsiqə qazanıb.

Qrup mərhələsində maksimum nəticə göstərən Frankfurt klubu yarımfinala qədər cəmi bir oyunda məğlub olub. Adolf Hütterin rəhbərlik etdiyi kollektiv Portuqaliyada baş tutmuş dörddəbir finalın ilk görüşündə “Benfika”ya uduzub - 2:4. Lakin bu komanda evdə 2 cavabsız qolla qalib gəlməklə, növbəti mərhələyə çıxıb. Bundan başqa, “Ayntraxt” on altıdabir finalda Ukraynanın “Şaxtyor” klubunu (2:2, 4:1), ardınca isə İtaliyanın “İnter” komandasını (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.

“Çelsi” UEFA Avropa Liqasının cari mövsümündə keçirdiyi 13 oyundan heç birində uduzmayıb. İki matçda heç-heçə edən “zadəganlar” 11 qarşılaşmadan qalib ayrılıblar. Mauritsio Sarrinin baş məşqçi olduğu komanda qrupdan çıxandan sonra İsveçin “Malmö” (2:1, 3:0), Ukraynanın “Dinamo” (3:0, 5:0) və Çexiyanın “Slaviya” (1:0, 4:3) klubundan güclü olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.