İDMAN
UEFA Avropa Liqasında “Qəbələ” klubunun da rəqibi müəyyənləşib
Nyon, 19 iyun, AZƏRTAC
İyunun 19-da İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futbol üzrə Avropa Liqasının 2017/2018-ci il mövsümünün birinci və ikinci təsnifat mərhələsinin püşkü atılıb. Avroliqanın ilk təsnifat mərhələsində 100 klub mübarizəyə başlayacaq. Daha yüksək reytinqli 16 komanda isə ikinci təsnifat mərhələsində yarışa qoşulacaq.
İlk təsnifat mərhələsində “İnter” Serbiyanın “Mladost Luçani”, “Zirə” isə Lüksemburqun “Differdanj 03” klubu ilə qarşılaşacaq. Azərbaycan Premyer Liqasının gümüş medalçısı “Qəbələ” isə ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq 16 komandadan biridir. Güclülərin arasında olan “Qəbələ” nisbətən zəif rəqiblə – ilk təsnifat mərhələsində qarşılaşacaq “Yaqiellonia Bialistok” (Polşa) və “Dinamo Batumi” (Gürcüstan) cütlüyünün qalibi ilə görüşəcək. “Qəbələ” ilk oyunu iyulun 13-də evdə, iyulun 20-də isə səfərdə keçirəcək.
UEFA Avropa Liqasının final matçı gələn il mayın 18-də Fransanın Desen-Şarpye şəhərində keçiriləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Nyon