ELM VƏ TƏHSİL
UFAZ-da əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Total E&P Abşeron” şirkəti – Strasburq Universiteti (Unistra) – UFAZ, “Total E&P Abşeron” şirkəti – Fransanın Azərbaycandakı səfirliyi, eyni zamanda, “Paşa Bank” ASC - Strasburq Universiteti - UFAZ arasında əməkdaşlığın inkişaf etdirilməsi çərçivəsində anlaşma memorandumları imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədləri ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin rektoru Mişel Deneken, Fransanın Azərbaycandakı səfiri Zakari Qros, “Total E&P Abşeron” şirkətinin prezidenti Regis Agut və “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov imzalayıblar.
İmzalanma mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı müasir dünyada təhsilin mühüm rolunu qeyd edib, UFAZ-ın uğurlarından danışıb.
Strasburq Universitetinin rektoru Mişel Deneken universitetlərarası əlaqələrin təhsilin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Fransanın Azərbaycandakı səfiri Zakari Qros ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edib.
“Total E&P Abşeron” şirkətinin prezidenti Regis Agut və “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov universitetlərdə təhsilə, bilik və bacarıqlı mütəxəssislərin hazırlanmasına dəstək göstərilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, 2019-cu il iyulun 17-də “Total Fransa” ofisinin ümumi təhsil inkişafı üzrə direktoru Jan-Klod Heidmann və beynəlxalq proqramlar üzrə koordinatoru Christelle Lavalou UFAZ-da olub. UFAZ rəhbərliyi ilə görüşən nümayəndələr “Total” şirkətinin hər il Fransadakı magistr proqramları üçün nəzərdə tutduğu təqaüd imkanları haqqında danışıb. Hazırda UFAZ tələbələri də təqaüd üçün keçirilən müsabiqədə öz iştirakını fəal şəkildə davam etdirir. “Total” təqaüdünü qazanacaq tələbələrin bir neçəsi səfirlik tərəfindən Fransa hökumətinin təqaüdçüsü adına layiq görüləcək və bu onlara Fransada təhsil alacaqları müddətdə daha da fayda verəcək.
UFAZ ilə “Paşa Bank” arasında tələbələrin bankın təcrübə proqramında iştirak etmələri və məzun olduqdan sonra öz karyeralarını burada davam etdirmələri üçün müxtəlif görüşlər keçirilib. Belə ki, 2019-cu il sentyabrın 17-də UFAZ-ın kompüter elmləri ixtisasının dördüncü kurs tələbələri “UFAZ Karyera Günləri” çərçivəsində ilk dəfə “Paşa Bank”ın Rəqəmsal laboratoriyasında olub. Mütəmadi olaraq UFAZ-da qonaq olan “Paşa Bank”ın “Digital Lab” komandası tələbələrlə yüksək rəqabət qabiliyyətli İT əmək bazarında davranış bacarıqlarının əhəmiyyəti və bu günün tendensiyaları kimi mövzularda interaktiv görüşlər keçirib.
Azərbaycan-Fransız Universiteti Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılan layihədir. UFAZ-da dörd ixtisas - geofizika mühəndisliyi, kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir.
Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu daxildir. Azərbaycan tərəfindən isə layihəyə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti rəhbərlik edir. Fransanın ölkəmizdəki səfirliyi Azərbaycan–Fransa ikitərəfli əlaqələrinin uğur simvoluna çevrilmiş UFAZ-ı dəstəkləyir.