ELM VƏ TƏHSİL
UFAZ-ın icraçı direktoru Fransa parlamentinin medalı ilə təltif olunub
Bakı, 14 may, AZƏRTAC
“Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Fransa parlamentinin sabiq üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel, qurumun baş katibi, Paris Azərbaycan Evinin sədri, Avropa Azərbaycanlıları Konqresi (AAK) İdarə Heyətinin üzvü Mirvari Fətəliyeva və Kolmar şəhərinin meri Jilbert Meyer Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Jan Fransua Mansel iki ölkənin dostluq əlaqələrinin genişləndirilməsində göstərdiyi xidmətlərinə görə UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərovu Fransa parlamentinin medalı ilə təltif edib.
Qeyd edək ki, bu medal Fransız İnqilabından başlayaraq hər yeni seçilmiş deputata onun mandatı ərəfəsində təqdim edilir və deputatları ictimaiyyət arasında fərqləndirən bir nişandır. Əvvəllər qalaydan hazırlanan medal bu gün gümüşdən hazırlanır və hər deputatın adı üzərində həkk olunur.