İQTİSADİYYAT


UNEC Radioda "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə birgə "Export Time" verilişi fəaliyyətə başlayacaq

Bakı, 9 oktyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə UNEC Radioda "Export Time" verilişi fəaliyyətə başlayacaq.

İİTKM-dən AZƏRTAC-a bildiriblər ki, veriliş çərçivəsində Azərbaycan ixrac siyasəti, dövlətin ixraca dəstəyi, ixracın yüksəldilməsi və çevik dövlət xidmətlərinin göstərilməsi, o cümlədən aylıq, rüblük və illik ixracla bağlı təhlillər, qanunvericilik dəyişiklikləri müzakirə olunacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatların məntiqi nəticəsi olaraq sahibkarlıq, təhsil və elm klasterinin formalaşması ölkəmizin innovativ və rəqəmsal iqtisadiyyata doğru getməsini şərtləndirir.

Strateji Yol xəritələrinin innovativ və elmtutumlu iqtisadiyyatın inkişaf etdirilməsi ilə bağlı strateji məqsədlərini əsas tutaraq, "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi UNEC-lə birgə gənclərin iqtisadi biliklərinin yüksəldilməsi, sahibkarlıq düşüncə tərzinin aşılanması və ixraca dayanan iqtisadi artım mövzularında müzakirələr aparacaq.

"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə elmtutumlu iqtisadiyyatın və ixraca söykənən iqtisadi inkişafın gənc iqtisadçı və sahibkarların yetişməsi və formalaşması şəraitində mümkün olacağını bildirib: "Strateji yol xəritələrinin strateji hədəflərinə əsasən qeyd etmək istəyirəm ki, sürətli iqtisadi artımın insan kapitalının inkişafından asılı olması beynəlxalq nümunələrlə sübut olunub. "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ixracatçı subyektlərə dəstək göstərməklə bərabər, sahibkarların maarifləndirilməsi və korporativ idarəetmə prinsiplərini aşılayır. Sonuncu layihə də maarifləndirmə xarakterli olmaqla, həmçinin gənc iqtisadçıların ixrac siyasəti ilə əlaqədar bilik və bacarıqlarının yüksəldilməsinə hesablanıb".

Verilişin aparıcısı və UNEC Digital Marketinq Mərkəzinin rəhbəri Ramil Cabbarov bildirib ki, efir müddətində ixrac həyata keçirən şirkətlər üçün innovativ təşviqat yollarından, sosial medianın yaratdığı imkanlardan, xarici bazarların operativ və spesifik araşdırmalarından danışılacaq.

Qeyd edək ki, "Export Time" verilişi ayda 2 dəfə olmaqla UNEC radioda yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.