ELM VƏ TƏHSİL
UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz?” nominasiyasının qalibi olub
Bakı, 17 oktyabr, AZƏRTAC
Mektebgushesi.az təhsil portalının ali təhsil müəssisələri arasında “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyası üzrə keçirdiyi sorğunun nəticələri açıqlanıb. Sorğuda əsasən valideyn və abituriyentlər iştirak ediblər. Ölkənin 43 ali təhsil müəssisəsinin təmsil olunduğu sorğunun nəticələri 27.431 respondentin səsverməsinə uyğun müəyyənləşib. Sorğuda Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 8311 səslə birinci olub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, rektor Ədalət Muradovla görüşdə təhsil ekspertləri universitetdə son illər həyata keçirilən yeniliklərdən bəhs ediblər. UNEC-in qısa vaxtda ölkənin ən innovativ ali təhsil müəssisəsinə çevrildiyindən söz açan qonaqlar bu nailiyyətlərin sorğunun nəticəsində də özünü göstərdiyini vurğulayıblar. Ekspertlər son 4 ildə II ixtisas qrupu üzrə ən yüksək bal toplayanların universitet seçimində UNEC-ə üstünlük verməsini yüksək qiymətləndiriblər.
Görüşdə mektebgushesi.az təhsil portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədli sorğunun keçirilməsinin əsas məqsədini açıqlayaraq, səsvermənin monitorinqi, ekspert rəyləri və nəticələr barədə məlumat verib.
Ə.Muradov deyib ki, əsas hədəf UNEC-i dünya səviyyəli universitetlər sırasına çıxarmaqdır. Rektor sorğunun təşkilinə görə təhsil portalının rəhbərinə və ekspertlərə təşəkkürünü bildirib.
Sonra UNEC-in rektoruna “Təhsil almaq üçün hansı universiteti seçərdiniz” nominasiyası üzrə sorğunun diplomu təqdim olunub.