ELM VƏ TƏHSİL
UNEC-də Monpelye Universitetinin ikili diplom proqramına qəbul olan tələbələrlə görüş keçirilib
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2018/2019-cu tədris ili üzrə Fransanın Monpelye Universitetinin ikili diplom proqramına qəbul olan tələbə və onların valideynləri ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Anar Rzayev tələbələri təbrik edib. UNEC-in ölkəmizdə Fransanın Monpelye Universiteti ilə ikili diplom proqramı həyata keçirən yeganə ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. İkili diplom proqramının üstünlüklərindən danışan A.Rzayev dörd il ərzində təmsil etdiyi universitetlə yanaşı, Avropanın nüfuzlu universitetinin diplomunu əldə etmək imkanını böyük şans adlandırıb: “Bu, UNEC tələbələrinə magistr təhsilində Avropa, eləcə də dünya universitetlərinə onların inteqrasiyası üçün əlavə üstünlüklər yaradır”.
Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Sənnur Əliyev tələbə və valideynlərə ikili diplom proqramının şərtləri barədə məlumat verib.
Tədbirdə Monpelye Universitetinin ikili diplom proqramının məzunu olan UNEC tələbələri öz təcrübələrini bölüşüblər.
Görüşdə tələbə və valideynləri maraqlandıran suallar cavablandırılıb.