ELM VƏ TƏHSİL
UNEC-də “Xatirə ağacı”: Yarpaqlara həkk olunan Xocalı qurbanları
Bakı, 26 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əsas tədris binasında Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə faciə qurbanlarının adları həkk olunan “Xatirə ağacı” ucaldılıb.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, “Xatirə ağacı”nın yarpaqlarında Xocalı soyqırımı nəticəsində 63 uşaq, 106 qadın, 70 qoca olmaqla, qətlə yetirilmiş 613 Xocalı sakininin adı həkk olunub.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edilərkən, azərbaycanlılara qarşı törədilmiş soyqırımı nəticəsində 613 sakin qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.