ELM VƏ TƏHSİL
UNEC-in Yunus Sosial Biznes Mərkəzi təqdim edir: “Sosial biznes və sahibkarlıq”
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sosial biznes və sahibkarlıq” proqramının final mərhələsi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor, dosent Anar Rzayev “Sosial biznes və sahibkarlıq” proqramı barədə ətraflı məlumat verib. O bildirib ki, tələbələr müsabiqəyə təhsil, texnologiya, kənd təsərrüfatı və səhiyyə sahəsinə dair 12 sosial biznes ideya təqdim ediblər. İdeya müəllifi olan komandalar “HUMAN Foundation”ın dəstəyi ilə nüfuzlu qurumlarda altıhəftəlik mentorluq proqramına qatılıb. Sosial biznesin ölkələrin iqtisadi inkişafında və cəmiyyətdə gəlirlərin daha ədalətli bölgüsündə mühüm rol oynadığını vurğulayan A.Rzayev iştirakçılara uğurlar arzulayıb.
Gənclərin sosial biznes və startap fəaliyyətinə təşviq edilməsinin vacibliyindən danışan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev bunun bir ənənəyə çevrilməsinin əhəmiyyətini vurğulayıb. O, bu istiqamətdə fəaliyyətin gücləndirilməsinin Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verə biləcəyini diqqətə çatdırıb.
UNEC-in Yunus Sosial Biznes Mərkəzinin rəhbəri Fəridə Əsgərzadə Nobel mükafatçısı Məhəmməd Yunusun Azərbaycana səfəri çərçivəsində yaradılan mərkəzin sosial biznesin araşdırılması, akademik tədqiqatların aparılması sahəsində gördüyü işlərdən söz açıb.
“Sosial biznes və sahibkarlıq” proqramının reallaşmasında maliyyə dəstəyi göstərən “Gilan Holding”in marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fərid Məmmədov təmsil etdiyi qurumun ölkədə sosial sahibkarlığın və proqramın əhatə etdiyi istiqamətlərin inkişafında maraqlı olduğunu bildirib. O, qeyri-neft sektoruna böyük investisiyalar yatıran “Gilan Holding”in bu sahədə göstərilən təşəbbüsləri gələcəkdə də dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra tələbələr öz biznes ideyalarını təqdim ediblər. Münsiflər heyətinin dəyərləndirməsi ilə “Red Ruby” (narın dənələnərək qablaşdırılması), “Dockor Bee” (arı məhsullarından müalicə vasitəsi kimi istifadə olunması), “Sweeteners” (stevia bitkisindən qida məhsulu kimi istifadə olunması), “Greeners” (kənd təsərrüfatı tullantılarından yanacaq əldə olunması, briket) biznes ideyaları qalib olub.
F.Əsgərzadə bildirib ki, UNEC-in Yunus Sosial Biznes Mərkəzi qalib komandalara öz ideyalarını reallaşdırmaq istiqamətində dəstək göstərəcək, onlara maliyyə vəsaiti ayıracaq. Layihənin tərəfdaşı olan “Baku Business Factory Kovörkinq” Mərkəzi ideyalarını reallaşdırması üçün qalib komandaları ofislə təmin edəcək.