ELM VƏ TƏHSİL


UNEC-in Zaqatala filialında konfrans: Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçirilib. Konfrans universitetin 90 illik yubileyinə həsr olunub.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, onlayn tədbiri açan Zaqatala filialının direktoru, professor Orucəli Rzayev konfransa 100-dən çox elmi məqalənin təqdim olunduğunu bildirib.

Universitetin strateji inkişaf üzrə prorektoru, professor Mirdaməd Sadıqov konfransın mövzusunun aktuallığını vurğulayıb. Son illər ölkənin təhsil sistemində UNEC-in aparıcı mövqeyinin daha da genişləndiyini deyən professor pandemiya şəraitində dünya təhsil sistemində baş verən dəyişikliklər fonunda universitetin nümunəvi təhsil modelini bir daha təsqidlədiyini qeyd edib. O, mövcud şəraitdə yaranan iqtisadi problemlərdən və onların həlli yollarından da söz açıb.

Milli Məclisinin deputatı, akademik Ziyad Səmədzadə “Azərbaycan iqtisadiyyatının dünəni, bu günü və gələcəyi haqqında düşüncələr” mövzusunda çıxış edib. Deputat ölkədə aparılan uğurlu iqtisadi islahatlardan və inkişafın Azərbaycan modelindən danışıb.

AMEA-nın müxbir üzvü, professor Akif Musayev “Virtual mühit və məsafədən iş perspektivləri” mövzusunda çıxış edərək, hazırda dünyada, demək olar, bütün sahələrdə virtual iş mühitinin yaradıldığını bildirib. O, akademik virtual mühitin üstünlüklərindən və perspektivlərindən bəhs edib.

Plenar iclasda Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyevin yeni çağırışlar kontekstində iqtisadiyyatın səmərəlilik problemləri haqqında məruzəsi dinlənilib.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov isə COVID-19-un dünya ali təhsil sisteminə təsirindən danışıb. O, distant tədrisin və onlayn elmi tədbirlərin təşkilində UNEC təcrübəsini bölüşərək, əldə olunan nəticələri diqqətə çatdırıb.

Konfrans işini 5 bölmə üzrə davam etdirib. “İqtisadiyyat və idarəetmə”, “Dünya iqtisadiyyatında yeni çağırışlar”, “Mövcud şərtlər daxilində maliyyə məsələləri”, “Fənlərarası inteqrasiya: nəticə və perspektivlər”, “Ümumi fənlər kontekstində iqtisadiyyat fənlərinin əlaqəsi” adlı bölmələrdə UNEC-in və digər universitetlərin professor-müəllim heyəti, gənc tədqiqatçıları iqtisad elminin müasir problemlərinə, həm də fənlərarası inteqrasiyaya həsr olunan məruzələrlə çıxışlar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.