ELM VƏ TƏHSİL
UNEC-in bakalavr və magistrlərinə Avropa universitetlərinin diplomları verilib
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da “Baku Crystal Hall”da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Məzun günü” keçirilib. Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, Milli Məclisin deputatları, xarici qonaqlar, ictimaiyyət nümayəndələri və UNEC-in fəxri məzunları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
UNEC-in rektoru, professor Ədalət Muradov məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Məzunları yeni nailiyyətlərin, ciddi sınaqların gözlədiyini deyən rektor, onların əməyinin müsbət nəticələr verəcəyinə əminliyini bildirib. Rektor bu əminliyin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasətinə, eləcə də birinci xanım Mehriban Əliyevanın təhsilə diqqət və qayğısına əsaslandığını vurğulayıb. UNEC-in Avropanın aparıcı universitetləri ilə uğurlu ikili diplom proqramları reallaşdırdığını deyən Ədalət Muradov, bu ali təhsil müəssisəsinin məzunlarının dünyanın aparıcı universitetlərinin tələbələri ilə rəqabət apara biləcək potensiala malik olduqlarını bildirib. O qeyd edib ki, 2018/2019-cu tədris ilində UNEC-dən 4122 gənc məzun olub. Onlardan 3102-si bakalavr, 1020-si isə magistrdir.
Tədbirdə 18 il əvvəl Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov barədə videoçarx nümayiş olunub.
Sonra çıxış edən V.Hüseynov gəncləri Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetinin məzunu olmaları münasibətilə təbrik edib.
Tədbirdə UNEC-in ikili diplom proqramlarının məzunlarına Avropa universitetlərinin diplomları təqdim olunub. Fransanın Monpelye Universitetini bitirən 13 bakalavr və İsveçrənin UBİS Universitetini bitirən 4 magistrə diplomlar verilib.
Monpelye Universitetinin nümayəndələri bildiriblər ki, artıq ikinci ildir UNEC-də bakalavr pilləsi üzrə ikili diplom proqramı uğurla davam etdirilir. Ötən il 5, bu il isə 13 məzuna diplomlar təqdim olunub. Yeni tədris ilindən Monpelye Universiteti ilə UNEC arasında magistr pilləsi üzrə ikili diplom proqramı reallaşdırılacaq.
Hər il olduğu kimi, bu il də ən yüksək bal (99.0125) topladığına görə adı UNEC-in fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin məzunu Pakizə Vəlizadə çıxış edib. UNEC-in məzunu olması ilə qürur duyduğunu deyən P.Vəlizadə 5-ci ildir fəaliyyət göstərən Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alan tələbələrin bir çox uğurlar qazandığını vurğulayıb. O, ənənəyə uyğun olaraq UNEC-in bayrağını III kurs üzrə ən yüksək nəticə göstərən Ekspertiza və standartlaşdırma fakültəsinin tələbəsinə təhvil verərək 4122 məzun adından and içib.
Sonra ənənəvi “papaqatma” mərasimi keçirilib.
Tədbir musiqi proqramı ilə davam edib.