ELM VƏ TƏHSİL
UNEC-in biznes və menecment fakültəsinə yüksək balla qəbul olunanların sayı dörd dəfə artıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov biznes və menecment fakültəsinin birinci kurs tələbələri ilə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, biznes və menecment fakültəsinə 2018/2019-cu tədris ilində 457 tələbə qəbul olunub. Marketinq ixtisasına tələbin yüksəldiyini nəzərə alaraq, yeni tədris ilində həmin ixtisasa qəbulda tələbə sayı 25 nəfər artırılıb. Fakültəyə 600 və daha yüksək bal toplayan tələbələrin qəbulunda da artım olub. Belə ki, 2017/2018-ci tədris ili ilə müqayisədə bu il biznes və menecment fakültəsinə 600-dən yüksək bal toplayaraq qəbul olunanların sayı dörd dəfə artıb.
UNEC-in regionun dörd dildə təhsil verən ən böyük iqtisadyönümlü universitet olduğunu diqqətə çatdıran Ə.Muradov burada tələbələrin müasir əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı iqtisadçı mütəxəssis kimi yetişməsi üçün bütün imkanların olduğunu deyib. Hər bir gəncin qazanacağı ən böyük sərvətin onların bilik və bacarığı olduğunu deyən rektor tələbələrə tədris müddətində bu keyfiyyətləri inkişaf etdirmək üçün maksimum çalışmağı tövsiyə edib.