ELM VƏ TƏHSİL
UNEC-in seçilmiş məzunlarına “UNEC BrandAmbassador” statusu veriləcək
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi şurasında beynəlmiləlləşmənin daha da genişləndirilməsi, təhsilalanların elmi fəaliyyətin stimullaşdırılması, magistr dissertasiyasının yazılması və qiymətləndirilməsi ilə bağlı yeni qaydalar təsdiqlənib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, əcnəbi məzunlarla əlaqələrinin qorunub saxlanılması, xarici ölkələrdə daimi təmsilçiliyinin təmin edilməsi və əcnəbi tələbələrin sayının artırılması məqsədilə universitetin xaricdə yaşayan seçilmiş məzunlarına “UNEC BrandAmbassador” statusu veriləcək.
Əcnəbi tələbələrin UNEC-də payının artırılması və onların stimullaşdırılması istiqamətində növbəti addım isə əcnəbi tələbə və magistrlərə universitet hesabından təqaüdlərin təsis olunmasıdır. Yeni tədris ilindən etibarən UNEC-ə qəbul olunan əcnəbi tələbə və magistrlərə imtahan sessiyasının nəticələrinə görə “Əlaçı”, “Həvəsləndirici” və “Adi” təqaüdlər veriləcək.
Universitetdə təhsilanların elmi fəaliyyətinin stimullaşdırılmasını nəzərdə tutan yeni qaydalara əsasən, nüfuzlu və yüksək impakt faktorlu elmi jurnallarda çap olunan məqalələrə görə 4000 manata qədər qonorarların verilməsi ilə bağlı tətbiq olunan qaydalar UNEC-in bakalavr, magistr və doktorantlarına da şamil ediləcək.
Dünyanın nüfuzlu universitetlərində bir il müddətində tədqiqat aparan UNEC müəllimlərinin əməkhaqları tədqiqat apardıqları müddətdə tam olaraq ödəniləcək.