ELM VƏ TƏHSİL
UNEC-in tələbələri ölkənin aparıcı müəssisələrində təcrübə keçirlər
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün 2019/2020-ci tədris ilinin istehsalat təcrübəsinə başlanılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədris planına uyğun olaraq, UNEC-də 23 ixtisas üzrə 3287 nəfər bakalavr, 18 ixtisas üzrə 636 magistrant, ümumilikdə isə 3923 tələbə ölkənin müxtəlif müəssisə və təşkilatlarında mayın 24-dək istehsalat təcrübəsində olacaqlar. Əyani təhsil üzrə 2876, qiyabi təhsil üzrə 403 tələbənin istehsalat təcrübəsi, Beynəlxalq magistratura və doktorantura mərkəzi üzrə 474, Magistratura mərkəzi üzrə 162 magistrantın elmi-pedaqoji və elmi-tədqiqat təcrübələri keçmələri nəzərdə tutulur. Tələbələrin istehsalat təcrübəsinə rəhbərlik etmək üçün ixtisas kafedraları tərəfindən təcrübə rəhbərləri təyin edilib.
İstehsalat təcrübəsinin səmərəli təşkili üçün UNEC ilə ölkənin 1300 aparıcı dövlət müəssisəsi və təşkilatı arasında müqavilə imzalanıb. Tələbələrin Maliyyə, Vergilər, İqtisadiyyat, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, SOCAR, Ticarət-Sənaye Palatası, Auditorlar Palatası, Dövlət Statistika Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, AMEA, Prezident yanında Vətəndaşlara və Sosial İnnovasiya üzrə Dövlət Agentliyi, Bakı Tikiş Evi ASC və digər dövlət qurumları, həmçinin aparıcı şirkətlərdə təcrübə keçməsi müəyyənləşdirilib.