ELM VƏ TƏHSİL


UNEC yeni tədris ilinə hazırdır

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2019/2020-ci tədris ilinə hazırlıq və UNEC-in qəbul olunan Nizamnaməsindən irəli gələn vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, Nizamnamənin təsdiqləndiyini və universitetin publik hüquqi şəxs statusu aldığını diqqətə çatdıran rektor Ədalət Muradov sənədə əsasən, ali məktəbin strukturunda və idarəetməsində ciddi dəyişikliklərin gözlənildiyini bildirib. O, Nizamnamədən irəli gələn vəzifələrin icrası ilə bağlı universitet kollektivinin qarşısında müvafiq vəzifələrin dayandığını qeyd edib.

Rektor yeni tədris ilində universitetdə bır sıra yeniliklərin həyata keçiriləcəyini bildirib. UNEC-də uğurlu elektron universitet modelinin tətbiq edildiyini deyən rektor artıq kağızsız kargüzarlığa keçməyin vaxtı olduğunu bildirib. Rektor tələbələrə operativ və innovativ təhsil xidməti göstərən “Bir pəncərə” sisteminin fəaliyyətə başlayacağını qeyd edib.

Sonra iqtisadi məsələlər üzrə prorektor, dosent Mikayıl Zeynalov tədris binalarının, auditoriyaların mövcud durumu və tədrisə hazırlığı barədə, tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev isə tədris prosesinin təşkili haqqında məlumat verib. Müəllimlərin tədris yükünün bölündüyünü, dərs cədvəllərinin hazırlanaraq, “Eduman” sisteminə yükləndiyini bildirib. UNEC-də bu ildən xarici dilin tədrisində yeni standartların tətbiq ediləcəyi diqqətə çatdırılıb. UNEC-in Dərbənd və Zaqatala filiallarında tədrisin təşkilindən söz açan Anar Rzayev filiallarda qış imtahan sessiyasının elektron universitet modeli əsasında təşkil olunacağını vurğulayıb.

Elektron İdarəetmə Mərkəzinin direktoru, dosent Zöhrə Həsənova tədris binalarının, auditoriyaların, kitabxanaların texniki vəziyyəti, şəbəkə xidməti ilə təminatından danışıb. O, auditoriyalarda quraşdırılan elektron tribuna, proyektor, kompüter və digər texniki avadanlığın mövcud durumu haqqında hesabatla çıxış edib.

Kitabxana İnformasiya Mərkəzinin müdiri Adilə Abdullayeva mərkəzin strukturu və fəaliyyəti, UNEC-in 24/7 və digər tədris binalarındakı kitabxanalarının iş rejimi barədə məlumat verib. 24/7 kitabxananın həftənin 7 günü 24 saat, digər kitabxanaların isə uzadılmış iş rejimində saat 22-dək fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Sonra dekanlar və struktur bölmə rəhbərlərinin təklifləri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.