ELM VƏ TƏHSİL
UNICEF: Azərbaycanda məktəbəqədər təhsil sahəsində müsbət irəliləyişlər müşahidə olunur
Bakı, 9 aprel, AZƏRTAC
BMT-nin Uşaq Fondunun (UNICEF) məktəbəqədər təhsil məsələlərinə dair ilk qlobal hesabatında dünyanın əksər ölkələri tərəfindən məktəbəqədər təhsil üçün lazımi vəsaitin ayrılmaması vurğulanır.
Hesabatda dünyada 175 milyondan çox uşağın – məktəb yaşına çatmamış uşaqların təxminən yarısının məktəbəqədər təhsilə cəlb edilməməsi səbəbindən bu cür vacib təhsil imkanlarından kənarda qaldığı barədə xəbərdarlıq olunduğu halda, qeyd edilib ki, Azərbaycanda məktəbəqədər təhsil sahəsində çox müsbət irəliləyişlər müşahidə edilir.
UNICEF-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycandakı nümayəndəliyin rəhbəri Edvard Karvardin son üç ildə Azərbaycanda məktəbəhazırlıq proqramları ilə əhatə olunan 5 yaşlı uşaqların sayında nəzərəçarpan artımın qeydə alındığını bildirib. Belə ki, 2015-ci ildə 15 faiz təşkil etmiş göstərici ötən il 75 faizə bərabər idi. Bununla yanaşı, son iki ildə 3-4 yaşlı uşaqları hədəfə götürmüş erkən yaş təhsili üzrə yeni təşəbbüs sayəsində ölkənin 100 icma əsaslı mərkəzində ümumilikdə 3 minə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.
UNICEF-in dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində məktəb yaşına çatmamış uşaqlar üçün yeni kurikulum və tədris materialları işlənib hazırlanıb, yeni metodologiyalar üzrə təlimlər keçirilib.
UNICEF-in “Təhsilə hazır dünya: keyfiyyətli erkən təhsilin prioritetləşdirilməsi” adlı ilk qlobal hesabatında bildirilir ki, ən azı birillik məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxuması üçün onların tələb olunan vacib bacarıqlarının inkişaf etdirilməsi cəmiyyətin və ölkə iqtisadiyyatının stabilliyi və inkişafı üçün daha çox töhfə verir.
Məktəbəqədər təhsilə cəlb edilməyən uşaqlarla müqayisədə bu cür təhsil müəssisələrinə gedən uşaqlarda oxumaq və saymaq bacarıqlarının erkən mərhələdə təxminən iki dəfə tez formalaşması ehtimal olunur. Məktəbəqədər təhsil proqramlarında daha çox uşağın iştirak etdiyi ölkələrdə ibtidai təhsili uğurla başa vuranların sayı əhəmiyyətli dərəcədə çoxdur.
Hesabatda qeyd olunduğu kimi, anaların savadlılıq səviyyəsi və coğrafi aspektlər uşaqların məktəbəqədər təhsildə iştirak səviyyəsini müəyyənləşdirən əsas amillərdəndir. Bununla belə, bu kontekstdə ən vacib və həlledici amil qismində yoxsulluq göstərilir.
E.Karvardin bildirib ki, oynamaq, düşünmək, yaratmaq, sosiallaşmaq və təhsilin əsaslarına yiyələnmək imkanı verən keyfiyyətli məktəbəqədər təhsilə cəlb edilmiş uşaqlarda ibtidai təhsili uğurla başa vurmağa, ümumtəhsil məktəblərində müvəffəqiyyətlə oxumağa, növbəti mərhələlərə keçməyə və fəal vətəndaş kimi formalaşmağa kömək göstərən bacarıqlar hərtərəfli inkişaf etdirilir.
2017-ci ildə dünya ölkələrində təhsilə ayrılmış büdcə vəsaitlərinin orta hesabla 6,6 faizi məktəbəqədər təhsil üçün nəzərdə tutulub. Bu ölkələrin təxminən 40 faizində isə ümumi təhsil büdcəsindən məktəbəqədər təhsil sektoru üçün 2 faizdən də az vəsait ayrılıb. Bundan fərqli olaraq Azərbaycanda dövlət büdcəsindən təhsil üçün ayrılmış vəsaitlərin 10 faizi məktəbəqədər təhsil üçün nəzərdə tutulub.
E.Karvardin qeyd edib ki, Azərbaycan sabahın iqtisadiyyatı üçün işçi qüvvəsinin rəqabətqabiliyyətli olmasını təmin etməyə çalışır və ən erkən yaşdan insan kapitalının inkişafına qoyulan hər bir sərmayə bu məqsədə nail olmaq üçün çox önəmlidir. Əgər biz uşaqlarımızın qloballaşan iqtisadiyyatda uğur əldə etməsi üçün ən yaxşı imkanlar yaratmaq niyyətindəyiksə, əlaqədar vəzifəli şəxslər məktəbəqədər təhsilin prioritetləşdirilməsi və bunun üçün müvafiq resursların ayrılması istiqamətində işlərini davam etdirməlidirlər.