SİYASƏT
UNİCEF ilə növbəti iki ildə insan hüquqları sahəsində birgə əməkdaşlıq üçün fəaliyyət istiqamətləri müzakirə olunmuşdur
Bakı, 21 dekabr (AZƏRTAC). Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüşmüşdür.
Ombudsman Aparatından AZƏRTAC-a bildirmişlər ki, görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
E.Süleymanova son illərdə Ombudsman təsisatı ilə UNİCEF-in ölkəmizdəki nümayəndəliyi arasında imzalanan iş planları çərçivəsində görülən işlər barədə məlumat vermiş, uşaq hüquqlarının müdafiəsi və təbliği istiqamətində bir sıra tədbirlərin həyata keçirildiyini diqqətə çatdırmışdır. O, de-institutlaşma, əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud və qanunla ziddiyyətdə olan uşaqlara qarşı zorakılıq sahəsində monitorinqlər aparıldığını, bu sahədə mövcud vəziyyət və qanunvericiliyin təhlil edildiyini, təklif və tövsiyələrin hazırlandığını qeyd etmişdir.
M. Herevard müvəkkilin insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirmiş, növbəti illərdə təmsil etdiyi qurumun Ombudsman təsisatı ilə əməkdaşlığının davam etdirəcəyini bildirmişdir.
Sonra UNİCEF ilə növbəti iki ildə birgə əməkdaşlıq üçün fəaliyyət istiqamətləri müzakirə olunmuşdur. BMT-nin Uşaq Hüquqları və Əlilliyi olan Şəxslərin Hüquqları haqqında konvensiyalarının və müvafiq komitələrinin tövsiyələri üzrə monitorinqlərin keçirilməsi, xüsusi müdafiəyə ehtiyacı olan uşaqların vəziyyətinin təhlil olunması sahəsində birgə fəaliyyətin davam etdirilməsi, milli müstəqil uşaq müdafiə mexanizminin gücləndirilməsi qeyd olunmuşdur.